Çərşənbə, 15 May

Qarabağdakı ermənilərin sürətli reinteqrasiya planı - Bakının "yol xəritəsi" hazırdır?

image

Deputat: “İlk növbədə Qarabağdakı erməni hərbi birləşmələri tərk-silah olunmalı və Xankəndidə yaşayan erməni icmasının nümayəndələri digər məsələlərin həlli ilə bağlı Bakıya müraciət etməlidirlər”

"Azərbaycan hakimiyyəti Qarabağın Azərbaycana tam inteqrasiyası üçün plan hazırlayıb ki, bu da əslində "yol xəritəsi"dir".

Belə bir açıqlama ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan çıxış edib . Onun sözlərinə görə, bu proqram-yol xəritəsi inteqrasiya amilinin dörd mərhələsini nəzərdə tutur:

Sənədlərin, o cümlədən ilk növbədə pasportların Azərbaycan pasportları ilə əvəz edilməsi; 2. Azərbaycan manatını dövriyyəyə buraxmaq; 3. Tam tərk-silah və qeyri-qanuni silahlı birləşmələrin ləğvi; 4. Hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi.

Şahnazaryan başqa təfərrüatları açıqlamayıb. O, həmçinin bildirib ki, "yol xəritəsi"nin həyata keçirilməsi üçün 12 ay - hər mərhələ üçün 3 ay müddət nəzərdə tutulub. “Məndə olan məlumata görə, Azərbaycan hakimiyyəti bu proqramı Ermənistan hakimiyyətinə təhvil verib. Ermənistan hakimiyyəti isə bu sənədi separatçılara verməlidir”, - deyə Şahnazaryan bildirib. Bakının belə bir “yol xəritəsi” varmı? Erməni tərəfinə çatdırılıbmı?

Hikmət Babaoğlu: “ABŞ Prezidenti Azərbaycanın rolunu qlobal kontekstdə  qiymətləndirir”

Deputat Hikmət Babaoğlu rəsmi Bakının qarşımızda duran bütün addımları qısa vaxtda atacağını qeyd etdi: “Şübhəsiz ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan fəal və təşəbbüskar diplomatiya yolu ilə mümkün qalıcı sülhün əldə olunması istiqamətində fəaliyyətə başladı. Sülhə gedən yol isə Azərbaycanın hər qarış ərazisində öz suveren hüquqlarını bərpa etməkdən keçir. Ötən iki il yarım ərzində bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər və hərbi əməliyyatlar həyata keçirilib. 1920-ci ildən sonra ilk dəfədir ki, Laçın yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsi yaradılıb. İndi isə növbəti mərhələyə, yəni Qarabağdan erməni terrorçularının çıxarılması, vətəndaş olmaq istəyənlərə vətəndaşlığın verilməsi və kommunikasiyaların açılması mərhələsinə qədəm qoymuşuq. Şahnazaryan da ümumi məntiqə əsaslanaraq rəsmi Bakının atacağı növbəti addımları sıralamağa çalışıb. Şübhəsiz ki, Azərbaycan bu addımları atacaq və müddətə az qaldığı üçün bunu maksimum qısa zamanda etməyə çalışacaq. Bu hamı tərəfindən dərk edilən və aydın bir məsələdir”.

Deputat Azər Badamov bu “yol xəritəsi”ndə yer alan məsələləri reallıq sayır: “Qarabağda yaşayan erməni sakinləri vətəndaşlarımız hesab edirik. Bu o deməkdir ki, onların gələcəyi Azərbaycanla bağlı olmalıdır. Bunun üçün onların Azərbaycana inteqrasiyası prosesi reallaşmalıdır. İnteqrasiya prosesi deyiləndə bu, özü-özündə bir neçə mərhələnin həyata keçirilməsi ilə bağlıdır. Bütün bu proseslər Qarabağda ermənilərin yaşadıqları ərazilərdə Azərbaycanın dövlət quruluşunun bərpası ilə nəticələnməlidir. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Şahnazaryanın açıqladığı "yol xəritəsi"ndə nəzərdə tutulmuş məsələlər reallıqdır və icra olunmalıdır. Bunun üçün ilk növbədə Qarabağdakı erməni hərbi birləşmələri tərk-silah olunmalı və Xankəndidə yaşayan erməni icmasının nümayəndələri digər məsələlərin həlli ilə bağlı Bakıya müraciət etməlidirlər. Rəsmi Bakı inteqrasiya prosesləri ilə bağlı Ermənistana və  Qarabağdakı ermənilərə müzakirələrin aparılması üçün iki dəfə çağırış göndərmişdi. Amma separatçıların təzyiqi altında olan Qarabağdakı ermənilər çağırışımıza cavab verməmişdi. Növbəti dəfə isə ermənilərin özləri Azərbaycanın qanunları altında yaşamaqla bağlı Bakıya müraciət edəcəklər. Çünki, onların başqa çıxış yolu yoxdur. Separatçıların qurduqları bütün xəyallar 44 günlük Vətən müharibəsində darmadağın edilib. Ermənilərin məskunlaşdığı Qarabağın yuxarı ərazilərinin Azərbaycanın suveren ərazisi olduğunu bütün dünya tanıyır. O cümlədən Ermənistan da Qarabağın Azərbaycan olduğunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, burada tərəddüdlü məsələlər yoxdur və bütün məsələlər hüquq müstəvisində ölkəmizin qanunlarına uyğun həll olunacaq. Əgər Qarabağda yaşayan ermənilərdən Azərbaycan bayrağı altında yaşamaq istəməyənlər olarsa, özləri üçün yeni yaşayış yeri axtarsınlar. Azərbaycanın bütün ərazilərində dövlət quruluşunun bərpasının alternativi yoxdur. Ermənilər bu məsələni nə qədər tez dərk etsələr, bu, ilk növbədə onların özləri üçün yaxşıdır".

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan erməni əsilli şəxslərin reinteqrasiyası ilə bağlı rəsmi Bakının nəinki nəzəri "yol xəritəsi", hətta bu xəritədə yer alan istiqamətlərin qısa bir zaman ərzində həyata keçirilməsi üçün bütün mexanizmlər hazırdır: “İşğaldan azad etdiyimiz ərazilərdə görülən işləri, həm də bu kontekstdə nəzərdən keçirənlər ümumu mənzərəni görə bilərlər. Ermənilərin məskunlaşdığı yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz, su və bu kimi vacib həyati elementlərlə təmin olunması, rabitə və digər xidmətlərin göstərilməsi üçün infrastruktur hazır vəziyyətdədir. Məlum olduğu kimi, bu il ərzində Şuşada ASAN Xidmət mərkəzinin fəaliyyətə başlaması gözlənilir və Qarabağın erməni sakinləri də burada müvafiq prosedurları keçməklə vətəndaşlıqlarını təsdiq edən sənədlərlə təmin oluna bilərlər. Amma bunun üçün ardıcıllıq David Şahnazaryanın təqdim etdiyi ardıcıllıqdan fərqli olmalıdır. Bununla bağlı rəsmi Bakının mövqeyi aydındır və cənab Prezident tərəfindən açıqlanıb. İlk növbədə Azərbaycan ərazilərindəki bütün qanunsuz təsisatlar buraxılmalı, qeyri-qanuni silahlı birləşmələr silahlarını Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına təhvil verməlidirlər. Bundan sonra ermənilərin yaşadığı ərazilərdə Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının legitim strukturlarının fəaliyyəti təmin edilməlidir. Bu strukturlarda azərbaycanlılarla bərabər çalışacaq erməni əsilli vətəndaşlar üçün xüsusi və sürətli proqramlar hazırlanaraq həyata keçirilməli, Azərbaycan Respublikasının Konstitusiyası, hüquqi-normativ aktları, dövlət idarəçilik sistemi ilə bağlı geniş maarifləndirmə işi aparılmalıdır. Bu, ilk baxışda mürəkkəb görünən prosesin sürətli bir şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının kifayət qədər potensialı var. Lakin Azərbaycanın, Şahnazaryanın iddia etdiyi kimi, bütün bunlarla bağlı xüsusi bir sənəd hazırladığı və Ermənistana təqdim etdiyi inandırıcı görünmür. Çünki söhbət Azərbaycan ərazilərində həyata keçiriləcək proseslərdən gedirsə, bunun Ermənistana heç bir aidiyyəti yoxdur. Ola bilsin ki, Moskva, Vaşinqton və Brüssel formatlarında aparılan danışıqlarda Azərbaycan ərazilərində yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı, rəsmi İrəvanın onların "hüquq və azadlıqları, təhlükəsizlikləri" kontekstində səsləndirdiyi iddiaların qarşılığında hansısa fikirlər səsləndirilsin. Amma bunun xüsusi sənəd formasında Ermənistana təqdim edilməsi inandırıcı görünmür".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00